Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi.
Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi.
Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi.
Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.